женшины в эпосе китаби деде коркуд

  • docx
  • 10.04.2026
Публикация на сайте для учителей

Публикация педагогических разработок

Бесплатное участие. Свидетельство автора сразу.
Мгновенные 10 документов в портфолио.

Иконка файла материала СТАТЬЯ НА ТЕМУ _ _ЖЕНШИНЫ В ЭПОСЕ _КИТАБИ-ДЕДЕ КОРКУТ_.docx

"KİTABİ-DƏDƏ  QORQUD" DASTANLARINDA QADINLAR 

 

 

 

    

      “Kitabi-Dədə  Qorqud”dastanları   milli-mənəvi  bütövlüyümüzün, əxlaqi   kamilliyimizin, etik   dünyamızın   mükəmməl   toplusudur.Bu  kamillik   dünyamızın  bir   qütbünü  də   qadınlar-xanımlar   təşkil   edir.

      “Dastan”da   yurdumuzun   müdriklik rəmzi, el   bilicimiz  Dədə   Qorqud  oğuzun hər müşkülünü həll edəni, qayibdən  dürlü  xəbərlər   söyləyənidir.Ona   görə də   uluca   ozanımız  “nə ki   buyursa  qəbul  edərlərdi”.Dastanda   Dədə   Qorquda   aid  olan   deyimlərdən  biri  də  qadınların   xarakterinə  görə   bölgüsüdür.Dastanın   müqəddiməsində   Dədə  Qorqud  dilindən   deyilir :

                                            “Qarılar   dörd   dürlüdür:

                                             Birisi   solduran   soydur,

                                             Birisi   solduran   toydur.

                                             Birisi   evin  dayağıdır,

                                            Birisi  necə  söylərsən,  bayağıdır.

     Müdrik    el bilicisi  bu  qadınlardan  yalnız   birini─“evin   dayağı”    qadınları   təqdir edir, alqışlayır.Kimdir  evin  dayağı qadınlar?!

    Qorqud   ata  onları   belə   səciyyələndirir: “...evin   dayağı  oldur ki,  yazıdan-yabandan  evə  bir  qonaq  gəlsə,ər adam  evdə  olmasa,  ol  onu  yedirər, içirər, ağırlar, əzizlər, göndərər.”

    Müdrik  ozan  belə  qadınları  alqışlayaraq   deyir:”Xanım,onun  bəbəkləri  bitsin(balaları  yetişsin)! Ocağına  buncılayın  (bunun  kimi)  övrət  gəlsin!

    Uluca  ozanımız   təsvir   etdiyi  o biri   qadınları─”solduran  soy “,”dolduran  toy”    “bayağı “ qadınları   isə  qarğışlayaraq   belə  söyləyir:”─Bunun  kiminin,xanım,bəbəkləri   bitməsin!Ocağına  bunun  kimi  övrət  gəlməsin!”

    Dədə  Qorquda   görə  “solduran  soy” qadınlar  el-obanın  adını  batıran,əsil-nəcabətini  itirənlər- dir.”Solduran  soy”  ifadəsi  “nəsil  adını   batıran” anlamına  gəlir.Belə  qadınlar  acgöz, paxıl,gör-məmiş  olar:”...sabahdanca   yerindən   uru  durar,əlin-yüzin  yumadan   doquz   bazlammac  ilən  bir  küvlək  yoğurd   gəvəzlər,doyunca  tıqa-basa  yer(yeyər)...”

    Belələri  naşükürlük  edər,  olanlara  qane olmaz,sədaqətdən,etibardan   uzaq olar, gəldiyi  ocağa  xain  baxar, əlini  böyrünə   vurub   deyər :”Bu  evi  xarab   olası ! Əri  varalıdan  bəri  daxı   qarnım   doymadı,yüzüm   gülmədi; ayağım   başmaq,yüzüm   yaşmaq   görmədi”,─deyər.”Nolaydı,bu  öləydi,birinə  dəxi   varaydım, umarımdan  yaxşı-uyar   olaydı”,─deyər”...

    “Dolduran  toy”qadınlar  isə  deyingən, söyüşkən  qadınlardır.Belələri   abır   bilməz,həya  bilməz:

 “...tərpədincə   yerindən   qalxdı, əl-üzünü  yumadan  obanın   o ucunu   bu  ucuna  çarpışdırdı.Söz-şayiə  yaydı, qapılara   qulaq   qoydu.Öynəyədək   gəzdi.Öynədən   sonra   evinə  gəldi.Gördü ki,oğru köpəklə   yekə  dana  evini  qatıb-qatışdırmışdır;evi   toyuq   komasına,inək  damına  dönmüşdür...” 

     Bu  gün  el arasında  belə  qadınlara  “çovuş”  deyərlər.Belələri  ev-eşik,ailə qədri  bilməz,səhərdən  axşamacan  qapı  pusmaq,söz  gəzdirmək,qeybət  qırmaq,ara  qarışdırmaq onun  sevimli  məşğuliyyəti  olar.

     “Bayağı”─tərbiyəsiz ,qanacaqsız  qadınlar  pis  vərdiş  və  xasiyyətləri   ilə  “solduran   soy”  və  “dolduran   toy”  qadınlardan   da   dözülməzdirlər, ona görə  də   müdrik   el  ağsaqqalı  belələrini “Ol,  Nuh  peyğəmbərin   eşşəgi  əslidir”,-deyə  lənətləyir  və  belə   səciyyələndirir:”evinə  yazıdan-yabandan  bir   udlu (abırlı,utancaq)  qonaq  gəlsə,ər adam   evdə   olsa,əri ona   desə ki,dur  ətmək  gətir, yeyəlim, bu da   yesin.Deyər  bişmiş  ətməyin   bəqası  olmaz,yemək   gərəkdir?...”

     Beləsi   deyingən, söz  eşitməzdir.Hətta   qonaq   yanında da   ərini   saymır,  onu  alçaldar :”─Neylə- yim,bu  yıxılacaq   evdə   un  yox,ələk  yox.Dəvə   də   dəyirmandan  gəlmədi...Nə  gəlirsə,mənim  sağrıma   gəlsin”,─deyə  əlini   yanına  vurar,üzünü o tərəfə, sağrısını   ərinə  döndərər.Min  söylərsən, birini  eşitməz,ərin  sözünü  qulağına  almaz ...”

    Buradakı   “Nuh   peyğəmbərin   eşşəgi   əsli”  ifadəsi   Nuh   peyğəmbərlə  bağlı   bir  əfsanə  ilə  bağlıdır.Belə ki, əfsanəyə   görə   gəmisini   təmir   etdirən   Nuh   peyğəmbər   bir  qızı   olduğu halda  gəmini   təmir  edən  üç   ustaya   qızını   verəcəyini   söz   verir.İş  başa  çatanda  çıxılmaz  vəziyyətə  düşən   peyğəmbərin   iti də,  eşşəyi  də   qıza   çevrilir,it və  eşşəkdən   dönən   qızlar  bu  heyvanların xasiyyətlərinə   uyğun  hərəkət  edirlər.

     Göründüyü   kimi, qədim   folklor  qaynağı olan   əfsanələrimizdə  də   qadınlar   xasiyyətlərinə  görə  qruplara   bölünürlər:insan, it,eşşək  xislətli.

    Nağıllarımızda   da  belə   bölgüyə   rast  gəlirik:ipək  qarı, köpək  qarı, napak  qarı...hətta  küpəgirən  qarı !

   Ancaq  “Dastan”nın   qadın   qəhrəmanları  ən  layiqli, nümunəvi,  bu  günümüzə, sabahımıza  örnək  ola  biləcək  qadınlardır.

    “Dastan”da  qadına   böyük hörmət, ehtiram   diqqəti  çəkir.İslamaqədərki   təfəkkürümüzün  məhsulu   olan   bu   zəngin   xalq   örnəyində   nə   çoxnikahlılıq, nə də   qeyri-qanunu  nikah  təqdir  olunur. Əksinə,  cobanla   pəri   qızının   nikahından  qeyri-qanuni  ovlad─Təpəgöz   doğulur ki,o da  oğuzların   başına  zaval  gətirir, nankorluq, vəhşilik   rəmzinə   çevrilir...

    “Kitabi-Dədə  Qorqud”cəmiyyəti   nəcib   əxlaqi   dəyərlərin  ensuklopediyasıdır.

      Ulularımız  qadın  adını  həmişə   uca  tutmuş,  qadını  “yıxılan  evin   dirəyi”  sanmışlar.”Dastan”da  qadın   cəmiyyətin  bərabərhüquqlu   üzvüdür; ona   görə   də   evin   kişisi   onu   özünə   arxa,dayaq, məsləhətçi   hesab   edir : “Dirsə   xan   dişi   əhlinin  sözü   ilə ulu  toy   eylədi,hacət   dilədi...”

      “Kitabi-Dədə  Qorqud”da    diqqəti   cəlb   edən, əsas   qəhrəman   səviyyəsinə   yüksələn,”evin   dayağı” olan   qadınlardır.  Dirsə   xanın   xatunu,Boyu  uzun   Burla  xatun,Banu  Çiçək,Sarı   donlu  Selcan  xatun,  Dəli  Domrulun   xatunu...belə   qadınlardandır.

       “Dastan”dakı   qadın  obrazlarını   səciyyələndirən   ümumi   cəhətlər  ondadır ki, onlar  təkcə  qadın-ana,qadın-gəlin,namuslu,sədaqətli   həyat  yoldaşı, böyük ürəkli, kövrək   qəlbli   analar   deyillər, onlar, eyni   zamanda,  at çapmaqda, qılınc   oynatmaqda,qurşaq   tutmaqda, kəmənd   atmaqda, düş -

mənlə   vuruşub  baş   gətirməkdə  oğuz  igidlərindən   geri   qalmayan   qəhrəmandırlar.

       Bütün   bunlarla   yanaşı,bu   qadınlar   fərdi-psixoloji   temperamentləri   ilə    bir-birindən  seçilən   zəngin  obrazlar   silsiləsi   təşkil   edirlər.

        “Dastan”da   “qadın”   sözünün   leksik-semantik   tutumu da  müasir   dilimizdəkindən   fərqlidir. Burada  “qadın” məfhumu    “xatun”  sözü   ilə   ifadə   edilib.”Qadın”  sözü  isə   “xanım”  mənasında    işlənir. ” Dastan”ın    müqəddiməsindəki   “Qaravaşa   don   geyirsən   qadın   olmaz !”  deyimi   də   fikrimizi   aydın   sübut   edir.

      “Dastan”da   qadın,   ilk   öncə ,  vəfalı   həyat   yoldaşı, övladı  üçün   hər  şeyə   hazır   olan  ana- dır.Dirsə  xanın   xatunu   “Dastan”da  həm  vəfalı  həyat  yoldaşı, hə  də  həssas,qayğıkeş, kövrək  qəlb- li  ana  obrazı kimi diqqəti   cəlb  edir.

       Oğuz   ellərinin  sayğılı  bəylərindən  olan  Dirsə   xan da  sevimli   qadınını   düzgün   qiymətləndi- rir, onu   belə   öyür :

                                                 Bəri   gəlgil, başım   baxtı, evim   taxtı !

                                                 Evdən   çıxıb  yürüyəndə   sərvi   boylum!

                                                 Topuğumda   sarmaşanda  qara  saçlım!

                                                 Qurulu  yaya  bənzər   çatma   qaşlım!

                                                 Qoşa  badam   sığmayan  dar   ağızlım!

                                                Güz   almasına  bənzər  al  yanaqlım!

                                                Qadınım, dirəyim,  döləyim!

        Vəfalı   həyat  həyat  yoldaşı   olmaqla  yanaşı,   həm də  kövrək   qəlbli  ana  olan  bu   qadın  oğlunun  ilk dəfə   ova   getdiyini   görəndə   bu   hadisəni   şadyanalıqla   qeyd  etmək  üçün  “atdan  ayğır,dəvədən  buğra,qoyundan   qoç   qırdırır”,─  “Qanlı  oğuz  bəylərini   toylayalım”,─deyir.Ancaq   oğlunun  qayıtmadığını   görən  ananın   “qara   bağrı   sarsılır,düm   ürəyi   oynayır”,  “qara   qıyma   gözləri  qan-yaşla   dolur”, ərinə  üz  tutub   deyir :

                                              İki   vardın, bir   gəlirsən, yavrum   qanı?

                                              Qara   gərdunda   bulduğum    öğul   qanı?

                                             Çıxsın   mənim    kor   gözüm,  a   Dirsə   xan,yaman   səyrir,

                                            Kəsilsin   oğlan   əmən   süd  damarım   yaman   sızlar.

   Ərindən   bir  cavab   ala   bilməyən  bu  qadın  qırx  incə  belli  qızı da  yanına alıb  oğlunu axtarmaq  üçün   Qazlıq   dağına gəlir.Qana   bulaşmış  yaralı  oğlunu   tapıb,onun  yarasına  dağ çiçəkləri  ilə  ana südündən  məlhəm   qoyur.

       Ərinin  şərəf və ləyaqətini  düzgün   qiymətləndirən, ona   hörmətlə  yanaşan  ana  oğlunda  atasına   qarşı   nifrət   hissi  oyatmır,  əksinə,  onu   vaxtiə   oxla   yaralayaraq  dağa  atan   atasını  bağışlamağa  çağıraraq   deyir:”Baban  sənə  qıydısa,  sən  babana  qıymağıl, oğul!”

       “Dastan”ın  ikinci   əsas   qadın   obrazı  Burla  xatundur.Oğuz   qadınlarının   ən dəyərli   mənəvi   keyfiyyətlərini   özündə    cəmləyən   Burla  xatun    dastanın   əsas   qəhrəmanlaindan   olan   Salur   Qazanın   arvadı, Uruz   bəyin   anasıdır.

      Şöklü   Məliyin   “qara   donlu   kafirləri”   Qazanın   yurdunu     talayanda   Burla   xatunu qızlarla   birgə     əsir  alaraq   onu   qızlardan   ayırıb  hər cür   təhqir  etməyi,ləyaqətini   alçaltmağı   düşünür- lər.Burla   xatunu  tanımaq   üçün   oğlu  Uruzu  şişə  çəkib  ətindən   qızlara  yedirtmək   istəyirlər: kim  yeməsə   o, Burla   xatun  olacaq.

     Bu  müdhiş   xəbəri   eşidən  Burla   xatun  oğluna   üz tutub  soruşur :

                       ”...Sənin   ətindən  oğul, a   yeyəyimmi?     

                       Yoxsa  sası   dinli   kafirin  döşəyinə   girəyinmi?

                       Ağan   Qazanın  namusunu   sındırayınmı?..”

      Qeyrətli,məğrur  oğul  isə  ana   namusunu,ləyaqətini   hər   şeydən   üstün  yutaraq   cavab   verir: “...Saqın,qadın  ana!Mənim   üzərimə   gəlməyəsən!..Onlar   bir  yedigində  sən  iki  yegil! Səni  kafirlər  bilməsinlər,duymasınlar !...”

      Burla   xatun  oğlunun  sərt cavabından   sarsılır,”bıldır-bıldır  gözünün yaşını  rəvan  edərək, boynu ilə  qulağını  alıb  düşür,küz  alması kimi  al  yanağını   dartıb  yırtır, qarğı kimi  qara  saçını yolur, ”Oğul!Oğul!...”deyərək   zarlıq   qılıb  ağlayır.

     “Dastan”da   Burla   xatunun   zahiri   körkəmi   də   diqqəti   cəlb  edir;boyu uzun,beli  incə, yanaqları  qırmızı,saçları   qaradır.

      “Dastan”da   qəbul   edilmiş   etik   normalara   uyğun   olaraq  Burla   xatun   həm  də   igidlik,  cəsurluq  nümunəsidir.Şərəf  və  ləyaqətini, ərinin  namusunu  hər   şeydən  yüksək   tutaraq  ən çətin   sınaqlardan   da  mətanətlə   çıxan   Burla  xatun   döyüş   meydanının da  ər-igidinə   çevrilir,  qılınc  qurşanıb   əri  Qazan  xandan   əvvəl   döyüşə   girir:”Məgər,xanım, Boyu  uzun   Burla   xatun  oğlancığın  andı,qərarı qalmadı,qırx  incə  belli   qız, oğlanla   qara   ayğırın   dartdırdı,bütün    mindi, Qara   qılıncın  quşandı,  “Başım  tacı   Qazan  gəlmədi”,-deyə   izin   izlədi  getdi.Gələ-gələ  Qazana   yaxın   gəldi.Qazan   halalını   tanımadı...”

       “Dastan”da   üçüncü   əsas   qadın   obrazı  Banu   Çiçəkdir.”Evin   dirəyi”  qadınlardan   olan   Banu Çiçək   Oğuz   bəylərindən  Baybecanın   qızı,Bəybura  oğlu  Bamsı  Beyrəyin   beşikkərtmə   adaxlısıdır.

    Oğuz   igidləri  evlənmək   istərkən  atalarından  belə   dilək   dilərmişlər:”Baba, mana   bir qız  alı   vergil  kim, mən  yerimdən   durmamış  ol   durmuş  ola!Mən   qara-qoç  atıma   minmədən  ol   minmiş   ola!Mən  qırıma  varmadan   ol   mana   baş   gətirmiş   ola !...”

      Banu  Çiçək də   məhz   bu   xüsusiyyətlərə   malik  qızdır; o,at   çapır,Beyrəklə  güləşir,ox atır və  s.

Banu   Çiçək    bahar   çiçəkləri   kimi  saf,təmiz,sədaqət,ləyaqət, namus   nümunəsidir: nişanlısı  Beyrə- yi  16 il  gözləyir, “ölüm”  xəbəri   alındıqdan   sonra  onu   məcburən  Yalıncığa  vermək   istərkən   qan-yaş  töküb  yasa  batır.

     Ancaq   kafir  əlindən  qurtulub   gələn  Beyrəyi   tanıyınca “cübbəsiə-çuxasilə  Beyrəyin   ayağına   düşür”, sevinclə  ata minib   Beyrəyin   ata-anasına  muştuluğa   gedir.

    “Dastan”ın  at minən,qılınc   qurşanan   Amazonka   qeyrətli qadın   obrazlarından   biri  də  Sarı  donlu Selcan  xatundur.Onun  sorağı  ilə   gəlmiş,çətin  sınaqlardan  keçən   oğuz  igidi  Qanturaliya   ilk baxışdan  aşiq   olan  Selcan  xatun  onu   itirə   biləcəyindən  narahat  olub  həyəcan   keçirir:

    “...Qanturalı  niqabın sərpdi.Qız  köşkdən   baxırdı.Daraqlığı   boşaldı,kədisi   mavladı.Öysəl   olmuş  dana   kimi ağzının  suyu  axdı. Yanındakı  qızlara  dedi:”həqtəala   atamın   könlünə   rəhmət   eləsə, kəbin  kəsib  məni  ol   yigidə   versə.Bunun  kimi  yigit  heyf   ola ki, cənavərlər  əlində  həlak   ola!”,-dedi.

    Oğuz  igidinin   məhəbbətini   qazanan,  sevgisinə   tapınan,uzaq  ellərdən  oğuz  ellərinə  öz  sevgisi  və  sədaqətini   gətirən  bu  igid  qız da   mahir   at çapan,qılınc   oynadan,ox-yay  dartan   cəsur   döyüş- çü kimi  təqdim   olunur:

      ”Selcan  xatun  at  saldı,”aman”  deyəni  öldürmədi.Elə  sandı kim,düşmən  basıldı,qılıncının balçığı  qan   odaya   gəldi.”

   “Dastan”ın  ən maraqlı  və bitkin , mükəmməl  qadın  obrazlarından   biri də  Dəli  Domrulun  xatunudur.Bu  fədakar   qadın  etibarın,sədaqətin,ülvi   məhəbbətin   rəmzidir.Bu   vəfalı  qadın , hətta ərinin  yolunda  özünü   qurban   verməyə   hazırdır:

                          “Qadir   tanrı  tanıq(şahid-R.Ə.)  olsun!

                            Mənim  canım  sənin  canına  qurban  olsun !”

    Zəngin   surətlər  qalereyası   təşkil   edən “Kitabi-Dədə  Qorqud”un  qadınlar  dünyası ─igidlər-ərənlər   dünyasının  bir   zərrəsi,naxışı, bəzəyidir.Yenilməz  xalqımızın  ululuq,əzəmət  rəmzidir  bu igid,qeyrətli,ləyaqətli  qadınlar-xatunlar!...

                                                              

                                                    Rəfail  Əliyev,  Əməkdar  müəllim                


 

Скачивание материала доступно только для авторизованных пользователей.