Müəllim hazırlığının təşkilində innovasiyaların tətbiqi
Rəfail ƏLİYEV,
Şirvan şəhəri 1 nömrəli tam orta
məktəb-xüsusi
istedadlı şagirdlər liseyinin hərbi rəhbəri,
Əməkdar müəllim, “Ən yaxşı
müəllim” və
“Təhsildə inkişaf və innovasiyalar üzrə
2-ci qrant müsabiqəsi"nin qalibi
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
təhsilverənlərin vəzifələrindən biri kimi
ixtisas və elmi-pedaqoji səviyyənin daim
yüksəldilməsi əsas prioritetlərdən hesab edilir.
Qanunun 33-cü (33.3.8.) maddəsində “ixtisas və
elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi
araşdırmalar aparmaq...” tələbi irəli
sürülür. "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda isə müəllim
hazırlığı strateji hədəflərdən biri
kimi dəyərləndirilmişdir. Sənəddə 2-ci
strateji hədəfdə: "Təhsilalanların fərdi
xüsusiyyətlərini nəzərə alan innovativ təlim
metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsənilməsini
təmin edən yüksək nüfuzlu
təhsilverənlərin formalaşdırılması” vacib
amil kimi əsaslandırılmışdır.
“Yüksək nüfuzlu təhsilverənlərin
formalaşdırılması” hədəfi isə fasiləsiz
təhsil mühitində müxtəlif
səviyyələrdə və müxtəlif formalarda
müəllim hazırlığının təşkili
nəticələrindən asılıdır.
“Müəllim hazırlığı” anlayışı
çox vaxt müəllimin ilk peşə
hazırlığını təmin edən professional
təhsil kimi başa düşülür. Sonrakı
mərhələdə müəyyən müddətdən
bir müəllimlər müxtəlif kurslara, o
cümlədən ixtisasartırma kurslarına cəlb
edilirlər. Ancaq kurslararası zaman fasiləsi belə
müəllim hazırlığını formal faktor kimi
ortaya çıxarır. Buna görə də müəllim
hazırlığının davamlılığını,
səmərəliliyini, fasiləsizliyini təmin edə
biləcək “təhsil müəssisəsi-məktəb
səviyyəsi” anlamı gündəmə gəlir.
Müəllim peşəsi daimi hazırlıq,
peşəkarlığın mütəmadi təkmilləşdirilməsini
tələb edir. Bu günün müəllimi öz
üzərində daim çalışmalı, yenilikləri
mənimsəməli, səriştəliliyini
artırmalıdır.
“Dövlət Strategiyası”nda 2-ci strateji hədəflə
bağlı tədbirlər sırasında
müəllimlərin təhsil müəssisəsi
səviyyəsində hazırlığı da əsas məsələlərdən
hesab edilir:
2.1.3.müəllimlərin təhsil müəssisəsi
səviyyəsində, tədrisdən ayrılmadan
peşəkarlıq səviyyəsinin artırılması
üzrə özünü doğrultmuş innovativ
modellərin tətbiqi.
«Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil
və müəllim hazırlığının Konsepsiya
və. Strategiyası» adlı sənəddə
respublikamızda müəllim hazırlığının
mövcud səviyyəsi geniş təhlil olunmuş, onun konsepsiya
və strategiyası işlənib hazırlanmışdır.
Burada müəllim hazırlığının
istiqamətləri müəllimin bacarıq səviyyəsi
kimi dəyərləndirilmiş, bu bacarıqların 3
istiqamət müəyyənləşdirilmişdir.
Müəllimin bacarığı aşağıdakı
amillərlə təyin olunur:
- metodoloji (pedaqoji-psixoloji) bacarıqlar;
-ümumi mədəni səviyyəni əks etdirən
bacarıqlar;
-fənyönümlü bacarıqlar.
Sənəddə, eyni zamanda, vurğulanır ki,
müəllim yenilikçi, yaradıcı
düşüncəyə malik olmalıdır.
Müəllim hazırlığının təhsil
müəssisəsi səviyyəsi necə təşkil
edilməli, hansı innovativ modellər tətbiq edilməlidir?
Fikrimizcə, aşağıdakı modellər
hədəfə çatmaqda uğurlu nəticələr
verə bilər:
1."Sabahın müəllimləri” qrupu:
gələcəyin müəllimlərini seçmək,
onlara bu peşəni sevdirməklə gələcək
peşəyə ilkin hazırlıq mərhələsini
həyata keçirir;
2. Birləşmiş fənn kafedraları: məktəbdə
çalışan fənn müəllimlərinin
fənyönümlü hazırlığını həyata
keçirir, müəllimi fənn üzrə tədqiqatlara
yönəldir, onun professional bacarıqlarını və elmi
potensialını inkişaf etdirir, dərslik, MMV-lərin (o
cümlədən layihələrin) elmi-metodiki təhlilini
həyata keçirir .
3. Pedaqoji-psixoloji hazırlıq mərkəzi: müəllimin
pedaqoji bilik və bacarıq- larının
təkmilləşdirilməsini həyata keçirir,
məktəbdə psixoloji iqlimi sağlamlaşdırmaqla
müəllimin pedaqoji durumunu tənzimləyir, yeni psixoloji
bacarıqlar formalaşdırır;
4. Özünütəhsil və mədəni inkişaf
modeli: İKT-dən istifadə etməklə, o
cümlədən sərbəst mütaliə ilə
mədəni səviyyənin daim inkişafı təmin
edilir.
5. Çevik qiymətləndirmə sistemi:
özünüyoxlama, bilik və bacarıqların
yoxlanması mərhələsini həyata keçirir,
nəticələri dəyərləndirir.
Təhsil müəssisəsi səviyyəsində
hazırlıq dərs ilinin əvvəlində
hazırlanmış iş planı və proqram
əsasında həyata keçirilməlidir.
Təhsil müəssisəsi səviyyəsində
hazırlığı məktəb rəhbərləri,
təcrübəli müəllimlər, məktəb psixoloqu,
kafedra rəhbərləri həyata keçirirlər.
Hazırlığın bu mərhələsinin
tətbiqi gələcəyin müəllimləri
olacaq məzunlar üçün də
böyük əhəmiyyətə malikdir.
Gələcəyin müəllimi, ilk növbədə,
məktəbdə hazırlanmalı, qəbul
ərəfəsində belə məzunların da bu
peşəyə uyğunluğunun monitorinqi keçirilməlidir.
Əgər bunlar həyata keçirilsə,
“heç olmasa qoy müəllim olsun!” prinsipi də iflasa
uğrayar, bu peşəyə bağlı olmayanlar
pedaqoji təhsilə cəlb edilməz, təhsilimiz
təsadüfi müəllimlərdən xilas olar,
cəmiyyətdə müəllimin nüfuzu daha da artar.
© ООО «Знанио»
С вами с 2009 года.