*******Abidələrdə izimiz...*******
“DAŞ”DAN ÇIXAN SÖZLƏR...
“Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı...”
Əli Kərim
Daş-planetimiz Yer qədər qədimdir,uludur. Sirli-soraqlı milyon-milyard illərin şahidi daşa bəşər övladının yaranışı ilə yeni həyat verilmişdir.
Daş-ulu əcdadımız ibtidai insanın ilk əmək aləti,ilk müdafiə silahı,ilk bər-bəzəyi olmuş, insan ilk arzularını uluca nəhəng daşlara həkk etdirmişdir.Sirlər dünyası-Ulu Qobustan qədim əcdadımızın daşlar üzərində əbədiləşmiş arzuları deyilmi?!
Ulularımız daşları özlərinə dayaq,arxa biliblər.İnsan dünyaya gələndə də,ulu ,müqəd-dəs daşa tapınar,dünyadan gedəndə də!..
“Sən daş qoyan yerə mən baş qoyaram!”-deyib ulularımız.Daş müqəddəsdir-səc-dəyə gəlib öpərlər onu!..Daş-əbədidir; dünyadan köçənlərə başdaşı yaparlar ki,əbədiy-yərə qovuşsun!
Daş-ulu tariximizin qan yaddaşı,sükuta dalaraq əbədiləşmiş ulularımızın rəmzidir... Ulu əcdadımızın qədim məskənləri-Orta Asiyada Orxon və Yenisey çayları hövzəsin-də müqəddəs nəhəng daşlar-qədim Türk runik abidələri-türk şahzadəsi Kül Tiqinin, müdriklik rəmzi Bilgə xatunun,sərkərdə Tonyukukun şərəfinə yazılmış əbədiyyət tarixi olan məşhur kitabələr uyuyur.Qədim türk xalqlarının ulu örnəyi olan,sükuta dalmış qəhrəmanlıq tarixi yaşayan bu müqəddəs daşlarda uluca xaqımızın, zəngin dilimizin də özünəməxsus payı var.
“Daş”-ön sözümüz,güman,güvənc yerimizdir.Daşdan yaranıb bütün ulu bəşəriyyət!
Daş-bölünməzliyin,birliyin rəmzidir!Vətəndaş,yoldaş,sirdaş,qardaş(qarındaş) kimi söz inciləri “daş”dan yaranmayıbmı?!
“Daş” sözü daşın özü qədər qədimdir.Ümumtürk mənşəli “daş” sözü sözyaratma prosesinin fəal ünsürü olub çoxmənalı səciyyə daşıyır.Daş kitabələrə həkk olunmuş daş//taş sözü omonimdir:
Taş//daş
1.Bərk maddə,süxur Ağır taşıq-ağır daş(“Bilgə xan” abidəsi)
2.Çöl-bayır,kənar İçin-taşın adıncıq bedüz urturdum.-İçinə-çölünə bəzək
vurdurdum.(“Kül-tiqin” kiçik abidə)
Ana abidəmiz “Kitabi-Dədə Qorqud” dastanlarında da,XIII yüzilliyin örnəyi “Dastani-Əhməd hərami”də də “daş” sözü omonimdir.
“Dastani-Əhməd hərami”də “daş” sözünün məzmun fərqi həm də fonem fərqlənmə-sidir, belə ki, daş-bərk süxur,daş-qaş, taş isə-çöl-bayır anlamındadır.Ulu abidələr təsiq-ləyir ki, “taş” daha qədimdir.
Qədim türk mənşəli taş//daş sözü dilimizdəki bir sıra sözlərin mayası olub...
Görən nə səda elə,
Diksindi lal zirvələr?
Çatdı çəmənə ,çölə,
Uğuldadı dərələr,
Qayadan bir daş uçdu...(Nəbi Xəzri)
Qayadan uçan daş dığırlanıb əbədiyyət xəzinəsinə-sözlər dünyasına düşüb çoxluca sözlərə başlanğıc oldu,həyat verdi onlara...
“Daş”dan çıxan sözlər öncə dışarıdakı daşlara həkk olundu; “daş” “dışarı”nı yaratdı ki,əbədiyyətə çevrilsin...
Ulu türk kitabələrində,”Kitabi-Dədə Qorqud”da, “Əhməd hərami”də,Mahmud Kaşğarlı-nın “Divan”ında bu söz qədim şəklini saxlayaraq “taşra” kimi işlənib:
Taşra yorıyır tiyin kü esidib balıkdakı tağıkmıs,tağdakı inmis--Dışarıda dolanır –deyə,xəbər eşdib şəhərdəklər dağa qalxmış,dağdakılar dağdan enmiş.(“Kül-tiqin”böyük abidə).
Yundları taşra çıqardılar.—Atları çölə çıxardılar.(“Kitabi-Dədə Qorqud”)
Birin-birin qaçın taşra varınız, Olun hazır yolunuzu görünüz.(“Dastan-Əhməd hərami”)
Yenisey abdələrində bu sözə taşru,uyğur yazılarında taşaru,”Oğuz xan haqqında əfsanə” əsərində isə taşkarun şəklndə rast gəlnir.
“Kitabi-Dədə Qorqud”da isə eyni anlamda taşra ilə yanaşı,tışra da var,tışarı da:
Qaçan Qazan evn yağmalatsa,əyalının əlün alur,tışra çıqar. (“Kitabi-Dədə Qorqud”)
Haman bəni qapudan tışarı elə mədəd.(“Kitabi-Dədə Qorqud”)
Beləlklə,bu gün dilimizdə kök və şəkilçiyə ayrılmayan “dışarı” tarixən düzəltmə söz olmuş, taşra//taşru sözündən əmələ gəlmişdir.
Əmələgəlmə yoluna görə -rı(-arı2 ) şəkilçili(seqmentli) digər sözlər kimi(iləri-irəli,geri, içəri və s.) dışarı da yer zərfidir.”Dışarı” sözünün tərkibindəki “dış” kökü “daş” sözü-nün fonetik varantı, “iç” sözünün antonimidir.
“Daş”dan çıxan sözlərdən biri də “diş” sözüdür.”Diş”sözündə “daş” sözünün hər iki mənası qalıb: diş bərk maddədir və daşa oxşayır, həm də çıxıntıdır—çöldədir.
Dialekt və şivələrimizdəki dişə-tişə--cücərmə(taxılın cücərməsi)-(Salyan),dişərmək-dişərənmağ—cücərmək,yenicə göyərmək(Salyan,Quba,Qafan),dişərti—cücərti,təzə çıx-mış ot(Qafan) sözləri də tarixən daş//diş sözündən əmələ gəlmişdir.
“Daş” sözünün ikinci mənası müasir Azərbaycan dilində işlənən br sıra feillərin məna yozumunda da nəzərə çarpır:
1.daş(maq)--süd daşdı.Kür daşdı. və s.daşmaq—yəni dolub-daşmaq,kənara çıxmaq
2.daşı(maq)—Sərvər qumu daşıdı.Daşımaq,yəni kənara aparmaq.
3.daşın(maq)—Mən fikrimdən daşındım.Daşınmaq,yəni öz fikrindən kənara çəkilmək,uzaqlaşmaq.
Dilimizdə işlənən düş(mək), deş(mək), döş(sinə, dağın döşü mənalarında) sözlərini də “daş”dan çıxan sözlər cərgəsinə aid etmək olar.Heç şübhəsiz ki, düş(mək)-kənara ayrılmaq, deş(mək)-bərk alətlə oyuq açmaq feilləri də, döş ismi də tarixən daş//dış (kənara,qabağa çıxan) sözü ilə bağlıdır. Döş sözünün həqiqi və məcazi mənaları da fikriimizi tədiiq ediir:
Anatomik məna: Sinə, döş qəfəsi, süd vəzisi.
Coğrafi məna: Dağın, təpənin qabaq tərəfi, yamacı.
Məcazi mənaları:
Döşünə döymək: Özünü öymək, lovğalanmaq.
Döş-döşə gəlmək: Üz-üzə gəlmək, vuruşmaq.
Döşünə düşmək: Xoşuna gəlmək, ürəyinə yatmaq.
Doğ(maq),dağıl(maq),dağıt(maq),dağılış(maq),dağla(maq) kimi feillərin kökündəki tağ// dağ sözünü də “daş” sözü ilə(ikinci mənada) əlaqələndirmək doğru olardı.
Mayası daş.ayası daş—“daş”dan çıxan sözlər çoxdur dlimizdə.”Daş”dan çıxan sözlər daşın özü qədər qədim,zəngin,rəngarəng və əbədidir.

Материалы на данной страницы взяты из открытых источников либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.